Elmar Hüseynov: “Fəlsəfə heç bir zaman tanış olmadığım sahə idi”backend

“Heç bir zaman tələbələrim tərəfindən savadsız və ya ədalətsiz müəllim kimi qəbul edilməyimə razı ola bilmərəm”

 Onunla ilk tanışlıqdan etibarən diqqətimizi cəlb etmişdi. Gənc olmasına baxmayaraq, həm auditoriyanı çox yaxşı idarə edir, həm də konkret predmeti-məntiq fənnini mümkün qədər sadə dillə izah etməyi bacarırdı. Haqqında bir az araşdırma apardıqdan sonra öyrəndik ki, universitetin Sosial elmlər və Psixologiya fakültəsinin həm bakalavr, həm də magist pilləsini fərqlənmə diplomu ilə bitirib. Söhbət əksəriyyətin rəğbətini qazanan Elmar Hüseynovdan gedir. Düşüncələri, söylədikləri tədricən bizə daha maraqlı gəlirdi. Nəhayət, qərara gəldik ki, müəllimdən müsahibə alıb, fikirləri ilə daha yaxından tanış olmaq yerinə düşər. Söhbətimiz elə fəlsəfə kafedrasında baş tutdu. Ciddi görkəmindən təxmin edirdik ki, suallarımıza dolğun cavab ala bilməyəciyin. Amma əksinə oldu. Elmar müəllim suallarımızı səmimi və ətraflı cavablandırdı.

– Gənc müəllimlərdənsiniz. Gənc müəllim olmağın üstünlükləri və çətinlikləri nələrdən ibarətdir?

– Mənim düşüncəmə əsasən müəllim hər zaman “gənc” olmalıdır. Bu müəllimin bioloji yaşı ilə birbaşa mənada bağlı olmamalıdır. Müəllim hər zaman öz tələbələri ilə aralarında bioloji yaş fərqindən irəli gələ biləcək bütün psixoloji sədləri keçməyi bacarmalıdır. Bu amil mühazirə və seminarları dialoq, müzakirə şəklində qura bilməyin, tələbələrin sərbəst və azad şəkildə öz düşüncələrini müəllim ilə paylaşa bilməyin mühüm şərtlərindən biridir. Heç bir zaman tələbəyə ümumən sizin düşüncələriniz səhvdir, yalnışdır demək olmaz. Sadəcə müzakirə etdiyimiz problemə məsələn, “X” paradiqmasından, nəzəriyyəsindən, mülahizəsindən yanaşsaq, mən həmin “X” ilə sizin düşüncənizin uyğunlaşmadığını, ziddiyyətə girdiyini hesab edirəm. Verdiyiniz suala qayıtsaq, müəllim hər zaman ruhən “gənc” olmağı bacarmalıdır. Bu, özünü tələbə auditoriyası qarşısında müəllim kimi təstiq etməyin və tədris etdiyin fənnin effektiv nəticə ilə yekunlaşdıra bilməyin ilkin və çox mühüm şərtlərindən biridir.

Tələbələr arasında çox sevilirsiniz...

 

-Səmimi etiraf etsəm, heç bir zaman xüsusi olaraq tələbələr tərəfindən sevilməyi qarşıya məqsəd kimi qoymuram. Həm tələbəlik illərində, həm də bir neçə ali təhsil müəssisəsində qazandığım müəllimlik təcrübəsində xeyli sayda öz peşəsinə laqeyd yanaşan, tədris etdiyi kurs üzrə tələbələrə demək olar ki, heç bir bilik öyrətməyən, amma əvəzində bu addımını “kompensasiya etmək” üçün tələbələrə əsassız şəkildə yüksək qiymətlər yazarəq və xoş münasibətlər quraraq tələbələrin rəğbətini qazanan həmkarlarıma rast gəlmişəm. Əvəzində müəllim adı üçün çox yüksək qiymətləndirdiyim iki məqam mövcuddur: savad və ədalət. Heç bir zaman tələbələrim tərəfindən savadsız və ya ədalətsiz müəllim kimi qəbul edilməyimə razı ola bilmərəm. Bütün bunlardan kənarda tələbələrin sevgisini, rəğbətini qazanmaq mənim üçün xüsusi məqsəd kimi çıxış etmir. Mən sadəcə öz peşə fəaliyyətimdən irəli gələn vəzifələri mümkün qədər məsuliyyətlə yerinə yetirməyə, auditoriya şəraitində bildiklərimi paylaşmağa çalışıram. Tədris sonrası, hətta bir neçə il sonra artıq formal münasibətlərimiz yekunlaşandan sonra keçmiş tələbələrimdən tədris etdiyimiz fənnlərin, bizim bütün tədris boyu həyata keçirə bildiyimiz dialoq və müzakirələrin onların dünyagörüşünə, hadisə və proseslərə yanaşma, qiymətləndirmə tərzinə müəyyən yaradıcı və fərqli təsir göstərdiyini, bizim tədris kursumuzun onların həyatında müəyyən əsaslı iz qoyduğunu eşidəndə çox şad oluram.

 

-Ümumiyyətlə, bu pesəni sizə sevdirən nədir?

 

-Müəllim peşəsinin insana daim özünü inkişaf etdirməyə, daim öyrənməyə vadar edən, buna şərait yaradan az saylı peşələrdən biri olduğunu düşünürəm. Mühazirə və seminarlardan azad olan zamanlarda kitabxanalarda, informasiya resurs mərkəzlərində öz biliyini daim zənginləşdirməyə, daha çox elmi informasiya ilə öz beyninə yükləməyə daha çox vaxt ayıra bilirsən. Zamanın belə bölgüsü və sərf edilməsi, bəlkə də, əksər insanlar üçün darıxdırıcı təəssürat oyada bilər, amma mənim üçün bu cəhət müəllimlik peşəsinin ayrılmaz üstünlüklərindəndir. Həmçinin müəllim olaraq sizin qarşınızda öyrəndiklərinizi, oxuduqlarınızı, analiz etdiklərinizi hər zaman paylaşa biləcəyiniz çoxsaylı tələbə auditoriyası mövcuddur. Bilmirəm, bəlkə, düzgün ehtimal etmirəm, amma mən insanın daha çox informasiyaya sahib olduqca onu digərləri ilə paylaşmağa daha çox mənəvi ehtiyacının olduğunu düşünürəm.

 

-İlk müəllimlik illərinizi necə xatırlayırsınız?

 

-Hələ tələbəlik illərindən müəllimlik peşəsinə böyük marağım var idi. Biz bakalavr pilləsi üzrə 4-cü kursda oxuyarkən pedaqoji təcrübə olaraq bizim qrupu 20 saylı orta məktəbə göndərmişdilər. Məni isə universitet auditoriyaları və tələbələrlə işləmək cəlb edirdi. Təcrübə qrup rəhbərindən pedaqoji təcrübəni universitetdə keçməyimə icazə verməyini xahiş etdim. Qiymətlərimin hamısı əla idi, təhsili fərqlənmə diplomu ilə yekunlaşdırırdım. Bütün bunları nəzərə alaraq təcrübə qrup rəhbəri və dekanlıq universitetdə pedaqoji təcrübə keçməyimə şərait yaratdılar. Bir neçə il sonra universitetin doktorantura pilləsində təhsil alarkən öz keçmiş müəllimlərimdən birinin səhhəti ilə əlaqədar olaraq bir semestrlik dərslərini mənə təklif edərkən tərəddüdsüz buna razılaşdım. Doktorantura (o zamanlar aspirantura adlanırdı) pilləsi üzrə təhsilimi yekunlaşdırandan sonra BDU-dan ayrılmalı oldum. O zamanlar əyani aspirantı olduğum Fəlsəfə kafedrasında müqavilə əsasında saathesabı olaraq qalıb işləmək istəyirdim, amma tədris saatlarının az olması səbəbindən mənə bu mənada kömək edə bilməyəcəklərini bildirdilər. Özümü müəllimlik peşəsindən başqa sahədə görmürdüm.Bu səbəbdən heç olmasa saathesabı olaraq müəllim işləmək üçün Bakı Avrasiya Universitetinə və Xəzər İnstitutuna müraciət etdim və müraciətlərim qəbul olundu. 2012-2013-cü tədris ilindən isə BDU-da fəldəfə kafedrasına tam ştat vahidi ilə müəllim vəzifəsinə qəbul olundum. Heç bir zaman bu məsələdə mənə kömək olan Abel müəllimin xeyirxahlığını və Hüseyn müəllimin dəstəyini unutmuram.

 

-Apardığınız müşahidələrə əsasən indiki tələbələr, onların psixologiyalari haqqında fikirləriniz necədir?

-Əgər bakalavr pilləsini nəzərə alsaq, məni tələbəlik illərindən artıq 16 il ayırır. İndiki tələbələr geniş informasiya şəbəkəsinin içərisinə daha çox daxil olublar — hər an, hər saniyə, hər dəqiqə yeni informasiya … Xüsusilə sosial şəbəkələrin onların beynini həddindən artıq yüklədiyini müşahidə edirəm.Nəticə olaraq indiki tələbələr tədricən daha çox virtual gerçəklikdə yaşamağa, ünsiyyət qurmağa, sevinməyə, kədərlənməyə başlayırlar. Reallıq ilə virtuallıq arasındakı sərhədlər tədricən daha çox itməyə başlayır. Bunun qarşısını almaq, bu qədər informasiya ilə yüklənən beyinləri tədris prosesinə cəlb etmək, diqqəti müəyyən bir mövzu ətrafında cəmləşdirmək bəzən çətin olur. Texnologiyanın inkişafı tələbələr üçün həm müsbət, həm də mənfi cəhətləri var. Qeyd etməliyəm ki, müasir tələbə üçün geniş informasiya resurs mərkəzlərinin özü bir virtual “müəllim”, “mühazirəçi” rolunu oynayır.

-Maraqlıdır ki, məhz fəlsəfə sahəsinə maraq sizdə necə yaranıb?

-Fəlsəfə sahəsinə gəlməyim ilk baxışda sırf təsadüf idi. Qəbul imtahanında topladığım bala və qəbul olmaq istədiyim ixtisasları kodlaşdırma ardıcıllığı ilə 1999-cu ildə artıq BDU-nun fəlsəfə ixtisasının tələbəsi idim. Amma etiraf edim ki, ali məktəbə qəbulun nticələri elan edildikdən sonra bir müddət hətta sənədlərimi universitetə gətirib qeydiyyatdan keçməməyi və beləliklə, qəbul olduğum ixtisasdan imtina etmək barədə düşünürdüm. Amma universitet həyatı, auditoriyalarda fəlsəfə mühazirələrini dinləyərkən aldığım zövq, bu mühazirələrin qeyri-adi təsir gücü tədricən məni bu sahəyə istiqamətləndirməyə başladı. Fəlsəfə heç bir zaman tanış olmadığım düşüncə tərzi idi. Fəlsəfə sahəsinə gəlməyim ilk baxışda təsadüfi təəssürat bağışlayır dedim, amma əslində həyatda təsadüfün mövcud olmadığını, həyatda hər bir şeyin ciddi müəyyən edilmiş səbəb-nəticə əlaqələri, zərurət üzərində qurulduğunu hesab edən fəlsəfi cərəyanı qəbul edirəm. Hər şey belə də olmalı imiş.

-Qərbdə “carpe diem”, yəni “anı yaşa” cərəyanı geniş yayılıb. Əgər fəlsəfi istiqamətdə yanaşası olsaq, sizin məsələyə münasibətiniz necədir?

-Bu məsələdə mən buddizm fəlsəfəsinin dünyagörüşünü paylaşıram. Buddist psixologiyasına görə indiki anda yaşaya bilmək psixoloji sağlamlığın mühüm şərtlərindən biridir. Real olan bizim indiki anda yaşadıqlarımız, duyduqlarımız, içərisinə daxil olduğumuz münasibətlər (kainat, cəmiyyət və insan ilə qura bildiyimiz münasibətlər) sistemidir. Keçmiş artıq mövcud deyildir, fəlsəfi terminologiya ilə desək, qeyri-varlıqdır, boşluqdur, heçlikdir. Sadəcə keçmiş barəsində olan xatirələr bizim yaddaşımızda qorunub saxlanılır. Biz həmin xatirələri “reallıq” hesab edərək illuziyaya qapılırıq, özümüzü aldadırıq və əslində mövcud olmayan reallıq, bir heçlik səbəbindən əzab çəkməyə başlayırıq. Gələcək də eyni zamanda bir heçlikdir, qeyri-varlıqdır, sadəcə beyinimizin qurduğu bir “ssenaridir”. Bu “ssenari” də beyinin yaratdığı illuziya effektidir, mahiyyətcə insanı aldatmağa xidmət edir. Belə bir heçlik, illuziya səbəbindən narahat olmaq da sağlam psixoloji durumun göstəricisi sayıla bilməz. Əgər bu illuziya effektindən tamamilə xilas olmaq insan üçün çətin görünürsə, heç olmasa keçmiş barəsində xoş xatirələri yaddaşında canlandırmağa, gələcək barəsində isə maraqlı, pozitiv bir “ssenari” qurmağa çalışmalı, beyinin formalaşdırdığı illizuya effektini bu istiqamətə yönəltməlidir. Bu heç olmasa insanı keçmiş səbəbindən əzab çəkməkdən və gələcək qarşısında qorxu və narahtlıq hisslərindən xilas edər, müəyyən qısa zaman müddətində olsa belə insanın həmin illuziya effektlərindən zövq almasına kömək edər. Analogiya aparsaq, insan onun maraq və xəyallar dünyasına dərindən nüfuz etməyi bacaran bir filmdən hətta onun qeyri-real, illuziya olduğunu bilsə də müəyyən anlarda zövq ala bildiyi kimi, eyni zövqü keçmiş və gələcək illuziyasında da duya bilər.

-Məşhur psixoloq Ziqmund Freyd deyirdi ki, insanı xəstələndirən onun arzularıdır…

-Məncə, Freydin düşüncələrini bir qədər də dəqiqləşdirsək, insanın öz arzularını reallıq prinsipi ilə uyğunlaşdıra bilmədikdə insan həyatda narahatlıq keçirməyə, müəyyən psixoloji çətinliklər yaşamağa başladığını deyə bilərik. Arzu və istəklərin özünün idarə olunması, yəni gizlədilməsi yox, yaranmasının qarşısının alınması məişət psixologiyasında mövcud olan inancın əksinə olaraq elə də asan deyil. Buddizm psixologiyasına və praktikasına əsasən bütün arzu və istəklərinə sahib çıxmaqla mənəvi-ruhi dünyanın tam nəzarət altına alınması adətən on illik meditasiya, bu istiqamətdə məqsədli praktika, və düşüncə, qida sistemi və s. tələb edir.

– Bəs sizin ən böyük arzunuz nədir?

-Qəti müəyyənləşdirməkdə çətinlik çəkirəm, çünki adətən hər arzunun arxasında onu şərtləndirən başqa bir arzu gizlənir. Yoqa praktikasına görə bütün insanlar əslində həyatda eyni şeyi istəyirlər, eyni şeyə can atırlar, amma bunu əldə etməyin yolları üzərində müxtəlif seçimlər edirlər – bəziləri özünü dərk etməyə daha çox zaman ayırmaqla, bəziləri isə əksinə özünü sosial həyatda mümkün qədər daha çox reallaşdırmaqla, bəziləri öz intellekt və düşüncəsini daha çox zənginləşdirməklə, bəziləri əksinə sosial status və karyera nərdivanında mümkün qədər daha yüksəkliyə qalxmaqla …Amma əslində bizim son nəticədə ən böyük arzumuz eynidir.

-Ali məktəblərdə imtahanlar davam edir. Tələbələr ənənəvi olaraq həyəcan, stress keçirirlər. Onlara məsləhətiniz nə olardı?

-Mən də tələbə olmuşam. Tələbələrin keçirdiyi narahatlıq hisslərini yaxşı başa düşürəm. Hərhalda nə qədər soyuqqanlı, nə qədər əzmkarlıqla çalışsalar o qədər yaxşıdır.Hər bir tələbəyə uğurlar arzulayıram.

Kənan Novruzov