“Yayılan məlumat saxtadı, virus heç hara getməyib” – Azərbaycanlı alimdən həyəcanbackend

Artıq iki gündür sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) adından karantin rejiminin ləğv edilməsinin zəruriliyini iddia edən yalan məlumat yayılıb. Bu isə ölkəmizdə müəyyən çaşqınlıqlar yaradıb.

Yayılan saxta məlumatlarda ÜST-ün baş epidemioloqu Maria Van Kerkxovun adından ikinci və sonrakı koronavirus dalğaları zamanı karantin rejiminin tətbiq edilməməsi ilə bağlı dünya ölkələrinə müraciət edildiyi qeyd olunub.

Bununla bağlı açqıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, bu cür məlumatları araşdırıb dəqiqləşdirmədən yaymaq yolverilməzdir:

“Dünya ölkələrində virusa yoluxma sayının minimuma endirilməsinin, virusla mübarizədə yeni karantin və izolyasiya qaydalarının tətbiqinin müzakirə olunduğu bir dövrdə karantin rejiminin ləğv edilməsinin zəruriliyini iddia edən saxta məlumatlar yaymaq yolverilməzdir. Bu, insanlar arasında ciddi çaşqınlıq yaradan səbəblərdəndir ki, millətimizi uçuruma sürükləyə bilər. Düşünürəm ki, dəqiq fakt şəklində iddia olunan bu cür xəbərlər ictimaiyyətdə də birmənalı qarşılanmır. Bu gün ölkəmizdə, eləcə də dünyada virusa yoluxma sayı məhz karantin rejiminlərinin kompleks tətbiqi nəticəsində azalıb və bundan sonra da müasir elmə əsaslanan karantin və izolyasiya tədbirləri nəticəsində azalacaq. Karantin ləğv olunarsa, virusa yoluxanların sayında yenidən müsbət dinamika müşahidə oluna bilər. Təbii ki, virus heç yerə getməyib. Hər kəs özünü virusdan qorumaq üçün tətbiq olunan qaydalara, tövsiyələrə riayət etməlidir”.

“Düşünürəm ki, bu cür saxta xəbərləri yayanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki burada söhbət təkcə bir-iki nəfəri deyil, milyonlarla insanı aldatmaqdan gedir”, deyə N.Abdullayev bildirib.

Qeyd edək ki, ÜST-ün baş epidemioloqu Maria Van Kerkxov adından bundan sonrakı dövrlər üçün karantin rejiminin tətbiq edilməsinin yolverilməz olduğu barədə məlumatlar yayılıb.