“Report Media Məktəbi adi kurslara bənzəmir: bura həqiqətən də məktəbdir” – Müsahibəbackend

2018-ci ildə Report Media Məktəbinin məzunu olmuşam. Report İnformasiya Agentliyinə təsadüfən gəldim, təlim artıq başlamışdı, sadəcə bir nəfər davam edə bilmədi, o yeri də mən tutdum. Bu il artıq Universitetin jurnalistika fakültəsini də bitirirəm. Həmkarım Günel Abbas da eyni fakültənin diplomu əldə edəcək. Günel həm də bu günlərdə Report Media Məktəbində təhsili başa vurub, onunla söhbətləşmək çox maraqlı gəldi mənə. Media Məktəbin bir məzununun digərindən müsahibə almasının öz ləzzəti var. Bir-birimizi çox gözəl anladıq.

– Report Media Məktəbi ilə tanışlığın necə oldu və hər şey necə  başladı?

– Report Media Məktəbi haqda Universitetin 3-cü kursunda təhsil alarkən eşitmişdim. Qrup yoldaşlarımdan 3 nəfər də burada iştirak edirdi. Elə onlardan birinin tövsiyəsi ilə Media Məktəbinə qoşuldum. Təsəvvürümdə Media Məktəbini jurnalist üçün olduqca əhəmiyyətli və bir qədər də əlçatmaz bir yer kimi dəyərləndirirdim. Bəzən nələrəsə kənardan baxanda onu gözündə böyüdürsən, amma həmin mühitin daxilində olanda hər şey adiləşir. Bu mənada deyə bilərəm ki, Media Məktəbi istisnadır. İsmayıl Rafiqoğlunu dinlədikcə, onun bu sahədəki biliyinə, xarakterinə yaxından bələd olduqca, özünü bu mühitə daha çox aid hiss edirsən.

– Jurnalistika fakültəsinin tələbəsi bu kimi təlimlərə qoşulmalıdırmı və niyə?

– BDU-nun Jurnalistika fakültəsinin və Media Məktəbinin məzunu kimi deyə bilərəm ki, keçirilən tədris dövründə çox bilik qazandım. Ona görə də fakültə yoldaşlarıma vaxt itirmədən növbəti qruplara qoşulub bu dərslərdə iştirak etməyi məsləhət görürəm. Əlbəttə heç də hamının təlimdə iştirak etmək imkanı olmur, kiminin bəxti gətirir, seçilir, kiminin də yox. Amma cəhd etməyinə dəyər.

Jurnalistika fakültəsində bu sahəni həqiqətən sevib gələn jurnalist çoxdur, eləcə də Report-da. Bu səbəbdən fakültə tələbələrinin İsmayıl Rafiqoğludan öyrənəcəyi çox məqam var. Fakültəmizdə tələbəyə nəzəriyyə dərindən öyrədilir. Bəzən tələbələr praktikanın azlığından və keyfiyyətindən narazılıq edirlər. Media Məktəbi bir növ intensiv terapiyaya bənzəyir, bir an dayana bilməzsən, hər günün öz hökmü var. Təlimlər, görüşlər keçirilir, praktik işlər reallaşır.

– Qoşulduğun təlimlərdən fərqi var idimi?

– Əvvəla onu demək istərdim ki, Media Məktəbi hər hansı bir təlimə və ya adi kurslara bənzəmir. Bura həqiqətən də məktəbdir. Hər birimizin qarşısına bir sıra təmənnasız fürsət qoyulur. Bizə isə bundan yararlanmaq qalır: məsələn. İsmayıl müəllim hər dəfə deyir, filan gün tədbir var, çəkiliş var. Kim gedəcək? Məqamdan yararlanıb getdinsə, deməli, uddun. Bir bəhanə tapıb getmədinsə, deməli, şansını qaçırtdın. Dərslər həm nəzəri, həm də praktiki şəkildə keçirilirdi. Bu müddətdə müxtəlif canlı müsahibə, çəkiliş, monitorinq, sorğu, araşdırma, dəyirmi masa, brifinq və mətbuat konfransları təşkil etdik.

Burada reallaşan proses zamanı bəlkə də düşünülmüş şəkildə qrupun hər üzvü bir-biri ilə ünsiyyətdə olur. Bu ünsiyyət isə zaman keçdikcə özünü doğmalıqda büruzə verir. Sonra hiss edirsən ki, sanki biz burada kiçik bir ailə olmuşuq, İsmayıl müəllim isə 1-ci sinif şagirdinə qələm tutmağı öyrədən sinif rəhbəri… Düzdür, mən Media Məktəbindən əvvəl də jurnalistikadan xəbərdar idim. Ancaq aramızda qeyri-sahələrdən olan tələbələr var idi. İsmayıl müəllim onların əlindən tutub addım-addım bunları öyrədirdi. Fransa prezidenti Makronla şərti mətbuat konfransında verdiyimiz kəskin suallar, işə düzəlmək kimi çətin problemi müzakirə etdiyimiz dəyirmi masada irəli sürdüyümüz ideyalar bizə daha cəsarətli olmağı, komplekslərdən yaxa qurtarmağı öyrətdi.

– Report Media Məktəbi sənə nələr qazandırdı?

– Orta məktəbi bitirəndə duyğulanacağımı düşünmüşdüm, amma elə olmamışdı. Axırıncı dəfə bu hissləri ali məktəbə hazırlaşdığım kursu bitirərkən və pandemiya səbəbi ilə universitetdən uzun müddət ayrı düşəndə yaşamışdım. Media Məktəbi mənə təkcə jurnalistika sahəsində yox, mənəvi cəhətdən də çox şey qazandırdı.

Çoxumuz dərslərin ilk günündə özünəqapanıq, utancaq, özgüvənsiz idik. Dönüb o günlərə baxanda görürük ki, hər birimizdə xeyli irəliləyiş var. Media Məktəbi bizim xarakterimizin yaxşıya doğru dəyişməsinə kömək etdi. Buna ən bariz nümunə elə özümü göstərə bilərəm. Xarakterim haqda yazdığım essedən sonra İsmayıl müəllim kamerada olan görünüşümü bəyənmədiyimi öyrənmişdi. Sonuncu görüşdə ona gələcək həftə təkbaşına kamera arxasında oturub çəkiliş edəcəyimi dedim. Aradakı fərqi görmək o qədər də çətin deyil.

Jurnalist özünə güvənməli, heç nədən çəkinməməli, qorxmamalıdır. Bəzən özündəki kompleksləri dəf etmək üçün bir ömür bəs etmir. Media Məktəbdə əsas qazancım psixoloji durumun xeyli möhkəmlənməsi oldu.

Nicat Dilqəmli